Aşağı Qarabağlar

Aşağı Qarabağlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin başqa adı Çimənkənd olmuşdur. 1950-ci ilədək indiki Ermənistan ərazisində mövcud olan Qarabağlar rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1951-ci ildə Qarabağlar rayonu ləğv ediləndən sonra ərazisi keçmiş Vedi rayonunun tabeliyinə verilmişdir. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 26 km cənub-şərqdə, Vedi çayının sağ sahilində, dəniz səviyyəsindən 1075 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Aşağı Qarabağ” formasında, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kiçik Qarabağ” formasında, Qafqazın beşverstlik xəritəsində “Aşağı Qarabağlar” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904-cü ildə 1725 nəfər, 1914-cü ildə 1879 nəfər, 1916-cı ildə 2026 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar qırğınlara məruz qalaraq qovulmuş və 1920-ci ildən sonra Türkiyədən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişlər. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndə qayıda bilmişlər. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 nəfər erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 nəfər erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 nəfər erməni və kürd, 1939-cu ildə 4600 nəfər azərbaycanlı yaşamışdır. 1948–1950-ci illərdə SSRİ Nazirlər Sovetinin “Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” və kəngərli tayfasına mənsub “qarabağlar” etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

1920-ci ildə kəndin adı dəyişdirilərək “Çimənkənd”, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Urtsadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°49′ ş. u.