Aşağı Qanlıca

Aşağı Qanlıca – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə, Gümrü–Amasiya yolunun 12 kilometrliyində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Qars vilayətinin İncələr kəndindən köçürülmüşlər.

Toponim türk mənşəli “qanlı” etnoniminə “-ca” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki “aşağı” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vağramaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 43°45′ ş. u.