Aşağı Körpülü

Aşağı Körpülü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırkı Tavuş vilayəti ərazisində mövcud olmuş kənd. Barana (Noyemberyan) yaşayış məntəqəsindən 15 km şimal-şərqdə yerləşirdi. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralıda yeni yurd salmışlar. Həmin ildən Körpülü iki yerə – Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.

Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmiş və sonra kənd ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı və “çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid” mənasında işlənən “körpü” sözlərindən əmələ gəlmişdir.