Aşağı Kilsə

Aşağı Kilsə – keçmiş İrəvan quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Quqark şəhərindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Qarakilsə (Quqark) rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün “Aşağı Kilsə” adlandırılmışdır.

Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. Hazırda kənd “Kilisa” adlanır və burada yalnız ermənilər yaşayırlar.

Toponim “aşağı” fərqləndirici sözü ilə “kilsə” sözünün birləşməsindən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°45′ şm. e., 44°25′ ş. u.