Aşağı Gülüdüzü

Aşağı Gülüdüzü – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 31 km şimal-şərqdə, dəniz səviyyəsindən 2050 m hündürkükdə yerləşir.

Kənddə 1873-cü ildə 115 nəfər, 1886-cı ildə 217 nəfər, 1904-cü ildə 151 nəfər, 1914-cü ildə 166 nəfər, 1916-cı ildə 407 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ancaq indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 142 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1959-cu ildə rayondakı Yuxarı Güllüdüzü kəndi ilə birləşdirilib Güllüdüzü kəndi yaradılmışdır.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözündən və “güllü, çiçəkli” mənasında işlənən “güllü” sözünə Azərbaycan dilində “enişi, yoxuşu, çuxuru, təpəsi olmayan” mənasında işlənən “düz” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardahovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°53′ şm. e., 45°29′ ş. u.