Aşağı Gözəldərə – İrəvan quberniyasında Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 46 km cənub-şərqdə, Gözəldərə çayının sahilində, 1980 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər bura Türkmənçay müqaviləsindən sonra, 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərinin kəndlərindən köçürülüb yerləşdirilmişlər. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə ermənilərin təcavüzünə məruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “gözəl” və “dərə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardenik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°26′ ş. u.