Aşağı Gödəkli

Aşağı Gödəkli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 5 km şimalda, dəniz səviyyəsindən 820 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Gedaklu” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904-cü ildə 439 nəfər, 1914-cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 74 nəfər, 1939-cu ildə 87 nəfər, 1959-cu ildə 95 nəfər, 1970-ci ildə 447 nəfər, 1979-cu ildə 294 nəfər azərbaycanlı yaşamışdır. 2008-ci ildə erməni dilində çap olunmuş “Ermənistanın yaşayış məntəqələri lüğəti”ndə kənddə yaşayanların ümumi sayı göstərilsə də, bilərəkdən etnik tərkibi göstərilməmişdir. 1988-ci il noyabr ayının axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma torpaqlarından qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “aşağı” fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan “gödəkli” etnonimindən əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyun 2006-cı il tarixli qərarı ilə yaşayış məntəqəsinin adı dəyişdirilərək “Barquşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°27′ ş. u.