Aşağı Axtala – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Borçalı (Debet) çayının sol sahilində, Ləlvər dağının ətəyində, Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 62 km məsafədə, dəniz səviyyəsindən 740 m hündürlükdə yerləşir.
Bura tarixən azərbaycanlıların yaşayış məntəqəsi olmuşdur. 1770-ci ildə mis mədənlərini işlətmək üçün bura yunanlar köçürülmüşlər. Kənddə azərbaycanlılarla yanaşı, erməni və yunanlar da yaşamışlar. Burada 1897-ci ildə 69 azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuş, kəndə ermənilərlə yanaşı yunanlar da yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir hissəsi öz doğma kəndlərinə qayıda bilmişdir. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı, 51 nəfər erməni, 71 nəfər yunan, 1931-ci ildə 10 nəfər azərbaycanlı, 114 nəfər erməni, 124 nəfər yunan, 1939-cu ildə 398 nəfər azərbaycanlı, erməni və yunan yaşamışdır. Yaşayış məntəqəsini ləğv etmək məqsədilə Axtala şəhər tipli qəsəbəsi ilə birləşdirilmiş və azərbaycanlılar SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə Azərbaycana köçürülmüşlər. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “istiqamət, fərqləndirmə” mənasında işlənən “aşağı” sözü ilə padar türk tayfasının bir qolu olan “axta” etnonimi əsasında yaranmışdır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°09′ şm. e., 44°45′ ş. u.