Aşağı Axta – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda şəhər, hazırda isə Kotayk vilayətinin mərkəzi. Zəngi çayının yaxınlığında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. XXəsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış və sonralar onlar da qovulmuşlar.
Toponim fərqləndirmə mənasını bildirən “aşağı” sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən “axta” etnoniminin birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hrazdan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 44°46′ ş. u.