Aşağı Adyaman

Aşağı Adyaman – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 34 km cənub-qərbdə, Adyaman çayının yanında, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Adyaman kəndindən köçənlər yeni yaşayış yerlərinə “Aşağı Adyaman” adını qoymuşlar.

1897-ci ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Ələşkirt bölgəsindəki Topraqqala kəndindən və Muş vilayətindən köçürülmüşdür.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Nerkin Getaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e. 45°15′ ş. u.