Aşağı Əylənli

Aşağı Əylənli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 7 km cənub-qərbdə, Kasax çayının sağ sahilində, dəniz səviyyəsindən 890 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Əylənli-Yasaxlu” olmuşdur.

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–1830-cu illərdə kəndə İrandan köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1830-cu ildən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 59 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1890-cı illərdə ermənilər tərəfindən sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin “Oğuzlar” əsərində əylənoğlu formasında qeyd edilir. “Aşağı” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lenuği”, 1991-ci ildən isə “Xoronk” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 44°14′ ş. u.