Artız

Artız – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Ellər (Kotayk) şəhərindən 74 km cənub-şərqdə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, kəndə 1915–1918-ci illərdə Türkiyənin Van və Qars vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 63 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “ardıc, ardıc kolu” mənasında işlənən “artız” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğard” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°47′ ş. u.