Arpa – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 15 km qərbdə, Arpa çayının yanında, dəniz səviyyəsindən 1050 m hündürlükdə yerləşir. Burada 1321-ci ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də qalır. Mənbələrdə “Arpanyal”, “Arbanyal” kimi də xatırlanır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Areni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°43′ şm. e., 45°11′ ş. u.