Arbat

Arbat – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 27 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Arebat” kimi, Qafqazın beşverstlik xəritəsində “Arbat” formasında qeydə alınmışdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı Qırxbulaq nahiyəsinin tərkibində Arebat şəkildə göstərilir. İbrahim Əhməd oğlunun adına olan zeamətin gəliri: 20.000 ağça göstərilir.

Kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1950-ci illərdə zorla Azərbaycana köçürülmüşlər.

Toponim qədim türk dilində “yulğun” bitki adı mənasında işlənən “arubat” sözündən əmələ gəlmişdir.

7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 44°23′ ş. u.