Arazdəyən

Arazdəyən – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 34 km cənub-şərqdə, Araz çayının sahilində, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər bura 1897-ci ildə köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışlar.

Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz çay adına “dəyən” (döyən) feili sifətinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yerasx” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°43′ şm. e., 44°50′ ş. u.