Aralıq Kolanlı

Aralıq Kolanlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 24 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Aralıx” formasında qeydə alınmışdır Erməni müəlliflərinin əsərlərində kəndin adı həm “Aralıq”, həm də “Aralıq Kolanlı” formalarında qeyd edilir.

Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşlar. 1986-cı ildə erməni dilində çap edilmiş “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə burada yaşayan azərbaycanlı əhali erməni əhalisi kimi göstərilir. Guya, burada elə tarixən ermənilər yaşamışlar. Bu, erməni saxtakarlığının bir formasıdır.

Toponim Azərbaycan dilində “orta, iki yerin arası, ara” mənasında işlənən aralıq sözü ilə Azərbaycan dilində mənsubluq bildirən “-lı” şəkilçisinin qəbul etdiyi kolanıtürk tayfa adı əsasında əmələ gəlib “aralıqda kolanı tayfasına aid kənd” mənasını ifadə edir.

Kəndin adı əvvəlcə dəyişdirilərək “Aralıq”, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Qriboyedov” (rus yazıçısı, diplomatı) qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°16′ ş. u.