Aralıq

Aralıq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km cənub-qərbdə, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.

Kənddə azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar yaşamışdır. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914-cü ildə 510 nəfər qarapapaqlar (azərbaycanlılar) yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1921-ci ildə Türkiyənin Muş vilayətinin Ardon kəndindən ermənilər köçürülərək burada yerləşdirilmişlər. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz”, “iki yaşayış məntəqəsi arasındakı məsafə”, “ortalıq” mənasında işlənən “ara” sözünə Azərbaycan dilində məkan anlayışı bildirən “-lıq” şəkilçisinin artırılmasından əmələ gəlib “aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd” mənasını bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yerezqavors” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 43°46′ ş. u.