Amasiya

Amasiya (Hamasa) – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya rayonunda, hazırda isə Şirak vilayətində kənd. Yerli əhali kəndi Hamasa adlandırmışlar. Kənd vilayət mərkəzi Gümrü şəhərindən 23 km şimal-qərbdə, dəniz səviyyəsindən 1870 m hündürlükdə, Arpaçayın yuxarı axarında yerləşir. Əhalisi 1921-ci ilədək yalnız azərbaycanlılardan ibarət olmuşdur. Ağbaba nahiyəsi 1877–1878-ci illər rus-türk müharibəsindən sonra yaradılan Qars vilayətinin Qars qəzasının tərkibinə daxil edilmişdir.

Hamasa kəndində 1886-cı ildə 274, 1914-cü ildə 564, 1931-ci ildə 645, 1959-cu ildə 1527, 1970-ci ildə 2773, 1980-ci ildə 3175 nəfər yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinin kəndlərinə köç etmişdir. 1921-ci il də imzalanan Qars müqaviləsi ilə Ağbaba nahiyəsinin ərazisinin böyük bir qismi Sovet Ermənistanın tərkibinə daxil edilmişdir. Bundan sonra Ağbaba nahiyəsinin kəndlərinin, o cümlədən də Hamasanın əhalisinin bir qismi doğma kənlərinə qayıtmışlar. Ermənilər Hamasa nahiyə mərkəzində Sovet hakimiyyəti qurulduqdan sonra məmur kimi gəlib yerləşmişlər. 1930-cu il oktyabrın 9-da Ağbaba nahiyəsinin əsasında Amasiya rayonu yaradılmışdır. Amasiya rayonunda 1926-cı ildə 9.888, 1939-cu ildə 14.911, 1959-cu ildə 12.794, 1972-ci ildə 19.724 nəfər əhali yaşamışdır ki, bunun da 85 %-dən çoxunu azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin əvvəlində rayondakı 27 yaşayış məntəqəsindən 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzi Amasiyada azərbaycanlılarla ermənilər qarışıq şəkildə yaşayırdılar. Amasiya rayon mərkəzində yaşayan 3210 nəfər əhalinin 1650 nəfərini azərbaycanlılar təşkil edirdi. Ümumiyyətlə, Amasiya rayonunun 21.476 nəfər əhalisinin 18.256 nəfəri azərbaycanlılardan ibarət olmuşdur. Amasiyadan azərbaycanlılar Ermənistan dövləti tərəfindən 1988-ci ilin noyabr-dekabr aylarında tamamilə qovulmuşlar.

“Hamasa” sözü türk dilində yaranışdan gələn igidlik, doğuluşdan gələn qəhrəmanlıq mənasını verən “hamaset” və yaxud “hamasi” sözündən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Coğrafi koordinatları: 40°56′ şm. e., 43°46′ ş. u.