Amağu

Amağu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 12 km cənub-qərbdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. X əsrdən adı çəkilir. Kəndin ərazisində X–XI əsrə aid tarixi abidələr var. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV–XV əsrlərdə yenidən bərpa edilmişdir. Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 198 nəfər, 1886-cı ildə 240 nəfər, 1897-ci ildə 354 nəfər, 1904-cü ildə 350 nəfər, 1914-cü ildə 385 nəfər, 1916-cı ildə 510 nəfər, 1919-cu ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 97 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 131 nəfər, 1959-cu ildə 385 nəfər, 1970-ci ildə 526 nəfər, 1979-cu ildə 491 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

“Amagu”, ya “Ağuan” “ağuam” (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən fərqləndirmək üçün “Aqu” toponiminin önünə “am” sözü artırılmaqla əmələ gəlmişdir. Toponimin ikinci tərəfi “aqu” sözü ilə bağlıdır. “Aqu” (ağu) qədim türk dilində “səxavətli, əliaçıq” mənasını ifadə edir. Tatar alimi Q.F.Səttarov “aqu” sözünün qədim türk dilində ümumi isimi kimi işlənərək “səxavətli, alicənab, comərd” mənasını ifadə etdiyini qeyd edir. Yuxarıda deyilənlərdən ehtimal etmək olar ki, “Amağu” toponimi “səxavətli, əliaçıq, comərdlər ölkəsi, yurdu” mənasını ifadə edir.

 “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°40′ şm. e., 45°12′ ş. u.