Alxanpəyəsi

Alxanpəyəsi (Alıxanpəyəsi) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayəti ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsinin Həsənkəndlə Qoytul kəndləri arasında, Şərur və Keşişkənddən Göyçəyə gedən şosse yolunun üstündə, Arpa çayının bir qolu olan Səlim çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 18 nəfər, 1873-cü ildə 54 nəfər, 1886-cı ildə 66 nəfər, 1897-ci ildə 100 nəfər, 1904-cü ildə 175 nəfər, 1914-cü ildə 192 nəfər, 1916-cı ildə 112 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq əhalisi didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə onlar yenidən qədim yurdlarından qovulmuş və kənd xarabalığa çevrilmişdir.

Bu kəndi görkəmli şair Səməd Vurğunun da mənsub olduğu Vəkilovlar nəslindən olan Alı xan inşa etmişdir. Burada Alı xan qış, payız, yaz aylarında özünün mal-qarasını, qoyunlarını saxlayırmış. Ona görə də kənd Alıxanpəyəsi adlandırılmışdır. Toponim Alı xan şəxs adından və Azərbaycan dilində “tövlə, mal-qara saxlanılan yer” mənasında işlənən “pəyə” sözündən əmələ gəlmişdir.