Altuntaxt – tarixi İrəvan xanlığının Göyçə mahalında, hazırkı Geğarkunik vilayəti ərazisində mövcud olmuş kənd. XIX əsrdə yaradılan yeni inzibati-ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Novo-Bəyazid qəzasına, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonu ərazisinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilir: Qazan bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun taxtında yenə evini dikdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, 1763–1780-ci illərdə Eçmiədzin katolikosu olmuş Simeon Erivantsinin “Cambr” əsərində qeydə alınmışdır. Kənd XVIII əsrin axırları, XIX əsrin əvvəllərində ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk dilində “qızıl” (qırmızı) mənasında işlənən “altın” sözünə “dağın zirvəsində hamar, düzən yer” mənasında işlənən “taxt” sözünün artırılması yolu ilə düzəlmişdir.