Almalıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonu, hazırkı Sünik vilayəti ərazisində mövcud olmuş kənd.
Kənddə 1897-ci ildə 81 nəfər, 1914-cü ildə 465 nəfər azərbaycanlı yaşamışdır. 1916–1918-ci illərdə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və 1926-cı ilə qədər xaraba qalmışdır. İndiki Ermənistanda sovet hökumətinin qurulması ilə bağlı olaraq kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1926-cı ildə 49 nəfər, 1931-ci ildə 61 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin ortalarında kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “alma” sözünə Azərbaycan dilində məkan mənası bildirən “-lıq” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.