Almalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 45 km cənub-şərqdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir.
Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 14 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır. Hazırda kənddə ermənilər yaşayırlar.
“Almalı” adlı toponimlərə indiki Ermənistanın Sünik, Vayotsdzor, Geğarkunik vilayətləri (keçmiş Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) və Qafan rayonlarında) ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. “Almalı” toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. “Almalı” türk etnonimidir. Hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan biri “almalı”adlanır. Kəndin adı “almalı” etnonimi əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Xndzorut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°33′ şm. e., 45°24′ ş. u.