Allahverdi

Allahverdi – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində şəhər. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 50 km şimal-şərqdə, Borçalı çayının sahilində, dəniz səviyyəsindən 770 m hündürlükdə yerləşir. 1963-cü ildə respublika tabeli şəhər statusu verilmişdir. Erməni ədəbiyyatında Alaverdi fonetik formasında əksini tapmışdır. XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Borçalı qəzasının, 1920–1929-cu illərdə Borçalı qəzasının tərkibinə daxil olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Şəhərin əsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmiş, ermənilər isə bura 1828-ci ildən sonra köçürülmüşlər. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873-cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşlar. 1920-ci il noyabrın 29-da indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan, 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan yaşamışdır. Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar.

Hazırda ermənilərin rəsmi sənədlərində şəhərin adı “Alaverdi” kimi yazılır. Toponim borçalı türk tayfasına mənsub “allahverdi” etnonimin adı əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 44°38′ ş. u.