Aldərə (Əldərə) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda kənd. Vilayət mərkəzi Qafan şəhərindən 86 km cənub-şərqdə, Araz çayının sahilində, dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazin beşverstlik xəritəsində “Əlidərə” formasında qeydə alınmışdır. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də qalır.
Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1922–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri – azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim qədim Azərbaycan dilində “qırmızı” mənasını bildirən “al” sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) “dərin çuxur” mənasında ifadə edən “dərə” sözünün birləşməsindən formalaşmışdır və “qırmızı dərə” mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə kəndin adı dəyişdirilərək “Alvank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 38°56′ şm. e., 46°20′ ş. u.