Aşağı Alçalı

Aşağı Alçalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 53 km cənub-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

XIX əsrin 20-ci illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt bölgəsindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Azərbaycanlılar həmin vaxtdan kənddən qovulmuşdur.

Toponim fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə “-lı” şəkilçisi qəbul etmiş “alça” bitki adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 sentyabr 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Artsvanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°30′ ş. u.