Ağzıbir

Ağzıbir – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 20 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdilər. Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır. 1922–1926-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışlar. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni, 1947-ci ildə isə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə Azərbaycana deportasiya edilmişdir. O vaxtdan kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “tək bir çıxacağı olan yer”, “kiçik dağ yolu” mənasında işlənən “ağzıbir” sözü əsasında formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lçap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e. 45°03′ ş. u.