Ağudi

Ağudi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda kənd. Vilayət mərkəzi Qafan şəhərindən 97 şimal-qərbdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Aqudı” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qovulmuşlar. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər, 1959-cu ildə 828 nəfər, 1970-ci ildə isə 1222 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tamamilə etnik torpaqlarından qovulmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən “ağ”sözü ilə “uti//udi” türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ağitu” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°30′ şm. e., 46°04′ ş. u.