Ağqala – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 14 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 39 nəfər, 1873-cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904-cü ildə 424, 1914-cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra bura Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdülər. Burada 1922-ci ildə 3 nəfər azərbaycanlı, 31 erməni, 1926-cı ildə 76 nəfər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd, 1939-cu ildə 442, 1959-cu ildə 287, 1970-ci ildə 2200 nəfər azərbaycanlı və erməni əhalisi yaşamışdır. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilmişdir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuş, deportasiya edilmişdir.
Toponim rəng bildirən “ağ” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berdkunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°26′ şm. e., 45°06′ ş. u.