Ağkilsə

Ağkilsə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 86 km cənub-şərqdə, Qaramasuyu çayının yanında, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 263, 1886-cı ildə 321, 1897-ci ildə 389, 1908-ci ildə 173, 1914-cü ildə 515, 1916-cı ildə 443 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 198, 1926-cı ildə 244, 1931-ci ildə 307, 1959-cu ildə 276, 1979-cu ildə 448 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar.

Kənddə XI–XIII əsrlərə aid qədim alban kilsəsi vardır. Kənddən 2-3 km yuxarıda köhnə yaşayış sahəsi və qəbiristanlığın qalıqları buranın qədimliyini sübut edir. Bu tarixi abidələrə istinad edib demək olar ki, kənd II–III əsrlərdə salınmışdır.

Kəndin adı buradakı alban kilsəsindən götürülmüşdür. Toponim rəng bildirən “ağ”və dini məbəd mənasında işlənən “kilsə”sözlərindən ibarətdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Azad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°11′ şm. e., 45°52′ ş. u.