Ağkilsə

Ağkilsə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vedidən şərqdə, Sığnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının sahilində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Ağcakilsə” formasında, 1728-ci ildə tərtib edilmiş, “İrəvan əyalətinin icmal dəftəri”ndə və Qafqazın beşverstlik xəritəsində “Ağkilsə” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904-cü ildə 563, 1914-cü ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə kəndin əhalisi qırğınlara məruz qalaraq tamamilə qovulmuş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim alban məbədinin adı əsasında, rəng bildirən “ağ” sözü ilə və “kilsə”sözünün birləşməsindən əmələ gəlmişdir.