Ağkilsə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənddən (Yeğeqnadzor) 14 km qərbdə, Yelpin çayının sol qolu olan Heşin çayının sahilində yerləşirdi.
Kənddə 1873-cü ildə 65 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 102 nəfər, 1904-cü ildə 110 nəfər, 1914-cü ildə 121 nəfər, 1916-cı ildə 155 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq didərgin salınmışlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönmüş və 1922-ci ildə burada 8 nəfər azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə onlar da kənddən qovulmuş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində rəng mənasında işlənən “ağ” sözü ilə dini məbəd mənasında işlənən “kilsə”sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidə albanlara məxsus kilsə adından yaranmışdır. “Ağ rəngdə olan kilsə yaxınlığında kənd” mənasını ifadə edir.