Ağkilsə

Ağkilsə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 24 km cənub-qərbdə yerləşir. Vilayətin Polad Ayrım kəndinin tərkibində olmuşdur. 1930-cu ilə kimi keçmiş Dilican rayonunun ərazi bölgüsünə daxil idi.

Kənddə 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 130 nəfər, 1919-cu ildə 151 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuş, soyqırımına məruz qalmışdırlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 166 nəfər, 1959-cu ildə 187 nəfər, 1987-ci ildə 70 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr ayında azərbaycanlılar dövlət səviyyəsində deportasiya edilmiş, tarixi-etnik torpaqlarından qovulmuşlar.

Toponim rəng mənasında işlənən “ağ” sözü ilə dini məbəd mənasını bildirən “kilsə”sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı yaxınlıqdakı ağ rəngdə olan kilsə (albanlara məxsus) adından götürülmüşdür.

Ermənistan prezidentinin 3 aprel 1991-ci tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Cermakavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 45°02′ ş. u.