Ağkənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd şəhərindən 23 km şimalda, Səlim çayının yanında, Arpa çayının sağ sahilində, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir.
Kənddə 1831-ci ildə 222 nəfər, 1873-cü ildə 498 nəfər, 1886-cı ildə 546 nəfər, 1897-ci ildə 670 nəfər, 1904-cü ildə 918 nəfər, 1914-cü ildə 1010 nəfər, 1916-cı ildə 704 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq kəndi tərk etmişlər. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 106 nəfər azərbaycanlı, 1926-cı ildə 126 nəfər azərbaycanlı, 172 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 297 erməni, 1939-cu ildə 621 nəfər azərbaycanlı və erməni yaşamışdır. Ermənilər bura 1829-cu ildə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür. Azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “kiçik, balaca” mənasında işlənən “ağ” sözü ilə türk dilində “yaşayış məntəqəsi”, “şəhər” mənasında işlənən “kənd”sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ağncazor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 45°14′ ş. u.