Ağkənd

Ağkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 109 km şimal-qərbdə, Bazarçayın sağ qolu, Sisian çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828–1829-cu illərdə Türkiyənin Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmiş və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

Toponim “kiçik” mənasında işlənən “ağ” sözü ilə kəndcoğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17 aprel 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Aşotavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°28′35″ şm. e. 45°59′52″ ş. u.