Ağhəmzəli

Ağhəmzəli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. 1937-ci ilə kimi keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimal-qərbdə, Qırxbulaq çayının yanında, dəniz səviyəsindən 855 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər bu kəndə 1828-ci ildən sonra İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 376 nəfər, 1904-cü ildə 843 nəfər, 1914-cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdır. 1948–1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “zadəgan”, “seyid”, “ruhani” mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Marmaraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°28′ ş. u.