Ağcaarx

Ağcaarx – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 7 km cənub-şərqdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə 1831-ci ildə 129 nəfər, 1873-cü ildə 508 nəfər, 1886-cı ildə 669 nəfər, 1897-ci ildə 822 nəfər, 1904-cü ildə 720 nəfər, 1914-cü ildə 763 nəfər, 1916-cı ildə isə 709 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 137 nəfər, 1926-cı ildə isə 159 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlı əhali sıxışdırılaraq 1930-cu ildə deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində “ağımtıl” mənasında işlənən “ağca” sözü ilə Azərbaycan dilində “su axıtmaq üçün qazılan yol” mənasında işlənən “arx” sözündən əmələ gəlmişdir. Kəndin ərazisindəki axan arxın şəffaflığına görə kənd Ağcaarx adlandırılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arevik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°05′ ş. u.