Ağbulaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Şurnuxu kəndindən 9 km cənub-qərbdə, Bazarçayın sağ qolu olan Keşin çayının sol sahilində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Ağbulaq qışlağı” formasında qeydə alınmışdır.
Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88 nəfər, 1939-cu ildə 146 nəfər, 1959-cu ildə 187 nəfər, 1970-ci ildə 355 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən “ağ” sözü ilə “bulaq” hidroterminindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyniadlı bulağın adından götürülmüşdür.
Ermənistan Respublikasının prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ağbulağ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°21′ şm. e., 46°23′ ş. u.