Ağbulaq

Ağbulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyzid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 68 km şimal-şərqdə, dəniz səviyyəzindən 2150 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 136, 1873-cü ildə 422, 1886-cı ildə 575, 1908-ci ildə 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin fevral–mart aylarında kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıtmışlar. Kənddə 1922-ci ildə 1053, 1926-cı ildə 1229, 1931-ci ildə 1392, 1939-cu ildə 1504, 1959-cu ildə 1141, 1970-ci ildə 1563, 1979-cu ildə 1450 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən gecə saat 1-3 radələrində kəndin əhalisi vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “içməyə yararlı, keyfiyyətli su” mənasında işlənən “ağ” sözü ilə “bulaq” hidroniminin birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisində XVII–XVIII əsrlərə aid tarixi abidələr indi də qalır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ağberk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′47″ şm. e., 45°16′46″ ş. u.