Ağakiçik

Ağakiçik – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 58 km şimal-qərbdə, Mastara çayının yanında, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı erməni müəlliflərinin əsərlərində, əsasən, “Ahaqçi” kimi qeyd edilir.

Kənddə 1873-cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904-cü ildə 359 nəfər, 1914-cü ildə 383 nəfər, 1916-cı ildə isə 337 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915–1916-cı illərdə Türkiyənin Sasun, Taron, Muş, Ələşkirt, Ərzurum, Qars, İranın Xoy vilayətlərindən köçürülüb gətirilən ermənilər 1918-ci ildə burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “ağa” və “kiçik” sözlərindən əmələ gəlib “kiçik ağaya mənsub kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Zovasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 43°57′ ş. u.