Ağadərəsi

Ağadərəsi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Ellər (Kotayk) şəhərindən 44 km cənub-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Aqadzor” (“dzor” erməni dilində dərə deməkdir) formasında işlədilmişdir.

Burada ermənilərlə yanaşı, 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 14 nəfər, 1886-cı ildə 15 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində “varlı, zadəgan, mülkədar” mənasında işlənən “ağa” və “dərə” sözlərindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Katnaxpyur” (Südlü bulaq) qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°15′ şm. e. 44°40′ ş. u.