Açıxlı

Açıxlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 5-6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşirdi. X–XIII əsrlərdə Açağuvəng formasında xatırlanır. Erməni mənbələrində kəndin adı “Açağu”, “Açaxlu”, “Acıllu” formalarında da qeyd olunmuşdur.

Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri öz doğma yerlərinə qayıda bilmişdilər. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər, 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1968–1969-cu illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “açıq yer, düzəngah, açıq sahə, meydan” mənasında işlənən “açıqlıq” sözünün dialekt forması olan “açıxlı” sözü əsasında düzəlmişdir.