Acıbac

Acıbac – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 40 km məsafədə, Pəyhan (Nor Astğaberd) kəndindən 2 km şimal-qərbdə, Gığı çayının sol qolu olan Acıbac çayının sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Kəndin adı həm də “Acıbacı”, “Acıbazı” formalarında işlənir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1886-cı ildə 202 nəfər, 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır. Sonradan azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 90 nəfər, 1931-ci ildə 115 nəfər, 1939-cu ildə 134 nəfər, 1959-cu ildə 190 nəfər, 1970-ci ildə 227 nəfər, 1979-cu ildə 202 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma yerlərindən deportasiya edilmişlər.

Toponim türk dilində “hündür dağ aşırımı” mənasında işlənən “acı” sözü ilə Azərbaycan dilində “düzən yerdə tirə, təpəcik, hündür yer” mənasında işlənən “bazı” sözünün fonetik forması olan “bac” sözünün birləşməsindən əmələ gəlmişdir. “Acı” sözü Dağlıq Altayın türk mənşəli toponimlərin tərkibində “aju//ajı” formalarında işlənir. “Acı” sözü qədim türk dilində aju formasında “geniş dərə”, “yarğan”, “çökəklik” mənalarında işlənmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Acabac” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°15′ şm. e., 46°05′ ş. u.