Abdalağalı

Abdalağalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 75 km şimal-şərqdə, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Avdalağalu” formasında qeyd edilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.

Toponim türkmənşəli “abdal” etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vağaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 45°19′ ş. u.