Abbasqulu bəy Şadlinski

Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.

İkisinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir.

1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905–1907, İranda 1905–1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək “Qırmızı tabor”u təşkil etmişdi.

O, 1918–1920-ci illərdə Vedibasarda daşnaklara qarşı döyüşən könüllü birliklərin komandanı olmuşdur. 1920-ci ilin iyulunda Şadlinskinin əmri ilə Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik dəstəsi ilə Naxçıvana gəlmişdi.

Onun başçılıq etdiyi “Qırmızı tabor” dəstəsi 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, “Qırmızı tabor”un 19 nəfər üzvü Ermənistan SSR-nin “Qırmızı bayraq” ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922–1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.