Abbasgölü – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Göyçə gölünün şimal-qərbində, indiki Yelenovka (Sevan) şəhərindən 12-13 kilometr cənub-şərqdə, üç tərəfdən yamaclarla əhatə olunmuş kiçik dağ gölünün ətrafında yerləşmişdir. 1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri” ndə “Camalgöl” adı ilə təqdim olunur.
1828-ci il Rusiya–İran müharibələri zamanı Abbasgölü kəndi dağıdılmışdır. XIX əsrin ortalarında kəndin əzəli sahibləri doğma ocaqlarını yenidən bərpa etmişlər. 1897-ci ildə Abbasgölü kəndində 670 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Kəndin qırğınlarından sağ çıxmış çox cüzi hissəsi kompakt şəkildə Qars vilayətinin Meydancıq köyünə köç etmişdir. Hazırda xarabalıqdır.