Abaran

Abaran rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 816 km² olan rayonun inzibati mərkəzi şəhər tipli Baş Abaran qəsəbəsidir. Buradan İrəvan şəhərinə olan məsafə 59 km-dir.

Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu çayının sol qolu olan Abaran çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 km²-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (h. 4090 m) dağının yamacından götürür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Abaran mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Novo-Bəyazid qəzasına daxil olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Aparan” qoyulmuşdur. 1972-ci ildə rayon ərazisinin bir hissəsi Hamamlı (Spitak) rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Alagöz (Araqats) rayonu da yaradılmışdır.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.