Kiçik Armudlu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Qurduqulu (Hoktemberyan) yaşayış məntəqəsindən 6 km cənubda yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin qədim, ilkin adı “Türk Armudlusu” olmuşdur.
Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289 nəfər, 1904-cü ildə 309 nəfər, 1914-cü ildə 327 nəfər, 1916-cı ildə isə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qırğınlarla didərgin salınmış və kəndə Türkiyənin Bəyazid və Ələşkirt vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Kənd 1930-cu ildə rayondakı Böyük Armudlu kəndi ilə birləşdirilmişdir.
Toponim “armud” bitki adına mənsubluq bildirən “-lu” şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. “Kiçik” sözü fərqləndirici əlamət bildirir.