Hasar – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Qurduqulu yaşayış məntəqəsindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Assar” formasında qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 92 nəfər, 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 114 nəfər, 1897-ci ildə 130 nəfər, 1908-ci ildə 113 nəfər, 1914-cü ildə 134 nəfər, 1916-cı ildə isə 76 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 32 nəfər, 1926-cı ildə isə 49 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınmışlar. 1930-cu ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim türk dilində “düzənlikdə qala, istehkamlanmış şəhər” mənasında işlənən “hisar” (hasar) sözü əsasında əmələ gəlmişdir.