Şahvarid

Şahvarid – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 11 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914-cü il də 128 nəfər, 1916-cı ildə isə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin sakinləri olan azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşlar. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim fars dilində “qaya, möhkəm, bərk” mənasında işlənən “şah” sözündən və Azərbaycan dilində “möhkəmləndirilmiş kənd, qala” mənasında işlənən “var” sözünə “-ud” şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Huşakert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 43°55′ ş. u.